20-01-2026, 09:00

20 Yanvar – azadlıq düşüncəsinin güllə və tanklara qalib gəldiyi tarix

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan, qanla yazılmış, lakin azadlıq ideyasını sarsıda bilməyən bir gündür. Həmin gecə sovet imperiyası öz dağılmaqda olan siyasi sistemini qorumaq üçün Bakıya böyük hərbi qüvvə yeritdi. Dinc əhaliyə qarşı ağır silahlardan istifadə olunması nəticəsində yüzlərlə günahsız insan həlak oldu və yaralandı. Bu hadisə XX əsrin ən ağır siyasi cinayətlərindən biri kimi tarixə düşdü.

Azadfikir.az qeyd edir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azad yaşamaq iradəsini boğmaq məqsədi daşısa da, əksinə milli şüurun daha da oyanmasına səbəb oldu. Fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd idi. Tankların qarşısına sinə gərən əliyalın insanlar imperiya qorxusunun artıq aradan qalxdığını, azadlıq düşüncəsinin geri dönməz mərhələyə keçdiyini nümayiş etdirdi.

Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində səsləndirdiyi qətiyyətli mövqe 20 Yanvar hadisələrinə verilən ilk siyasi qiymət oldu. Onun bu addımı xalqın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi, şəhidlərin xatirəsi dövlət səviyyəsində uca tutuldu.

20 Yanvar şəhidləri müstəqil Azərbaycan ideyasının ilk və ən ağır qurbanları idi. Bu qurbanlar xalqımızın azadlıq yolundan dönməyəcəyini təsdiqlədi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası, illər sonra isə ərazi bütövlüyümüzün təmin olunması həmin qəhrəmanlığın tarixi davamı oldu. Bu gün Azərbaycan regionda güclü və söz sahibi olan dövlət kimi çıxış edirsə, bunun təməlində 20 Yanvar şəhidlərinin qanı və iradəsi dayanır.

Azadfikir.az olaraq vurğulayırıq ki, 20 Yanvar təkcə hüzn günü deyil, həm də milli şüurun və azadlıq təfəkkürünün zəfər tarixidir. Bu faciə Azərbaycan xalqının sarsılmaz ruhunun sübutudur. Şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, 20 Yanvar həqiqətləri azad düşüncənin simvolu kimi gələcək nəsillərə ötürüləcək.



Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti