18-11-2025, 15:45

“TikTok”-da bu paylaşımları edənləri 3-7 il cəza gözləyir — Hüquqşünas


“Son aylarda sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə göstərilməsi və satışının təşviqi hüquqi baxımdan çox ciddi pozuntudur. Azərbaycan qanunvericiliyi həm narkotik maddələrin dövriyyəsini, həm də onların təbliğini qəti şəkildə qadağan edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib.

O əlavə edib ki, belə paylaşımlar cinayət tərkibi yaradır:

“Bu cür kontentin gənclərə “təhlükəsiz” və “asan əldəolunan” kimi təqdim edilməsi onların hüquqi baxımdan zərərçəkən yox, risk qrupuna daxil olmasına gətirib çıxara bilər. Sosial platformalarda ünvan, əlaqə və qiymət məlumatının paylaşılması isə artıq birbaşa qanunsuz satışın təşkili kimi qiymətləndirilir. Hüquq-mühafizə orqanları bu cür paylaşımları izləmək, identifikasiya aparmaq və məsul şəxsləri müəyyənləşdirmək üçün rəqəmsal izlərin toplanması metodlarından istifadə edir. Platforma sahibləri də məsuliyyət daşıyır, çünki istifadəçi kontentinə nəzarət onların öhdəliklərinə daxildir. Belə halların artması informasiya təhlükəsizliyi və yetkinlik yaşına çatmayanların müdafiəsi məsələlərini daha da aktuallaşdırır”. 

O qeyd edib ki, bu proses həm də ictimai asayişə və sağlamlığa qəsd kimi dəyərləndirilə bilər:

“Mövcud qanunvericiliyin tətbiqi ilə yanaşı, sosial media şirkətlərinin yerli qanunlara uyğun filtrasiya və nəzarət mexanizmlərini gücləndirməsi vacibdir. Maarifləndirmə tədbirləri də hüquqi məsuliyyətin qarşısının alınmasında mühüm rol oynayır. Bu problemə kompleks yanaşma həm hüquqi nəzarətin, həm də sosial preventiv işlərin birgə aparılmasını tələb edir. Belə paylaşımlar yəni, narkotik vasitələrin onlayn satışı, təbliği və ya alışı Azərbaycan Cinayət Məcəlləsinin 234-cü maddəsinin “satış məqsədilə qanunsuz dövriyyə” bəndi ilə məzmun kateqoriyasına düşə bilər. 234.2-ci maddə üzrə həmin şəxs 3 ildən 7- ilə qədər azadlıqdan məhrum edilə bilər”.

Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti